Qaydalar/Giriş
World Rugby · 2026

Reqbi İttifaqının Oyun Qaydaları 2026

Qaydaları Azərbaycan dilində bölmələr üzrə oxuyun, lazım olan anlayışı axtarın və rəsmi nəşri PDF formatında yükləyin.

PDF-i yüklə

Oyun xartiyası daxil olmaqla

Ön söz

Oyunun məqsədi on beş, on və ya yeddi oyunçudan ibarət iki komandanın qaydalara və idman ruhuna uyğun, ədalətli oyun prinsiplərinə riayət etməklə topu daşımaq, ötürmək, ayaqla vurmaq və yerə toxundurmaq vasitəsilə mümkün qədər çox xal toplamasıdır. Daha çox xal toplayan komanda matçın qalibi olur.

Oyun qaydaları, o cümlədən 19 yaşadək oyunçular, 10 nəfərlik reqbi və yeddili reqbi üçün standart variantlar oyunun düzgün və ədalətli keçirilməsi üçün lazım olan bütün müddəaları əhatə edir.

Reqbi ittifaqı fiziki təmasın olduğu idman növüdür və buna görə də özündə müəyyən təhlükələr daşıyır. Oyunun qaydalara uyğun keçirilməsi və hər zaman oyunçuların sağlamlığı və rifahının nəzərə alınması son dərəcə vacibdir.

Oyunçular qaydalar çərçivəsində oynamaq üçün fiziki və texniki cəhətdən hazır olmalarını, təhlükəsiz oyun prinsiplərinə riayət etmələrini və oyundan zövq almaq ruhunda iştirak etmələrini təmin etməyə görə məsuliyyət daşıyırlar.

Oyunu məşq etdirən və ya öyrədən şəxslər oyunçuların qaydalara riayət etməyə, ədalətli oynamağa və təhlükəsiz davranmağa hazır olmalarını təmin etməyə görə məsuliyyət daşıyırlar.

Hakim hər bir matçda bütün qaydaları, o cümlədən World Rugby tərəfindən təsdiqlənmiş sınaq qaydalarını və variantları ədalətlə tətbiq etməlidir.

İttifaqlar oyunun bütün səviyyələrdə intizamlı və idman ruhuna uyğun davranış əsasında keçirilməsini təmin etməlidirlər.

Ədalətli oyun prinsipini yalnız hakim qoruya bilməz. Bu prinsipə riayət olunmasına görə məsuliyyət həmçinin ittifaqların, klubların, digər əlaqəli qurumların, məşqçilərin və oyunçuların üzərinə düşür.

Hər bir ittifaq yeniyetmə oyunçular üçün mərhələli inkişaf proqramı yaratmalıdır. Bu proqram vasitəsilə gənc oyunçular münasib vaxtda reqbinin müxtəlif oyun mərhələləri ilə tədricən tanış edilə və zədələrdən daha yaxşı qoruna bilərlər. Proqramın tətbiq ediləcəyi yaş hədləri və məzmunu hər bir ittifaqın oyun mühitinin özünəməxsus xüsusiyyətləri nəzərə alınmaqla həmin ittifaq tərəfindən müəyyən edilməlidir.

Mənbə: World Rugby, Laws of the Game Rugby Union 2026. Azərbaycan dilinə uyğunlaşdırılmış nəşr.